loading...

"Anam nəfəsi ilə donmuş bacımı isidirdi"- Xocalı faciəsinin şahidi

Xocalı soyqırımından 28 il ötür. Xocalı faciəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərkən yerli əhaliyə qarşı törədilən soyqırımdır. Ermənilərin Xocalıda törətdiyi soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı faciəsi ilə bağlı  danışan Xocalı faciəsinin canlı şahidi Aynur Abışova həmin günü gözyaşları ilə xatırladığını söyləyib: "Bu gün Xocalı soyqırımından 28 il ötür. O, dəhşətli gecəni bu günkü kimi xatırlayıram. Ermənilər Xocalıya hücum edən zaman yaşım çox az idi. Uşaq yaddaşı silinməz deyirlər. Həqiqətən də belədir. Gecə saat 11 olardı. Hamımız yatmışdıq. Birdən qapı döyüldü. Qonşumuz Yelmar dayı idi. Həmin gecə əmimgil bizdə qalmışdı. Qapını əmim açdı. Yelamar dayı əmimə dedi ki, ermənilər şəhəri mühasirəyə alıb. Hamı zirzəmidədir: "Uşaqları oyadıb bizim zirzəmiyə gəlin". Əmim hamını oyatdı. Anam bizi tez-tələsik geyindirib, zirzəmiyə apardı. 1 gün qonşunun zirzəmisində qaldıq. Atəş səsləri kəsmirdi. Bu atəş səsləri şəhərdə tez-tez eşidilirdi. Amma həmin günü fərqli idi. Biz zərzəmidə olanda ermənilər şəhərə girib qarət edir, qızları, gəlinləri öldürür, əsir aparırdılar. Səhərə yaxın bizə xəbər verdilər ki, ermənilər Xocalını işğal edib, camaatı qırırlar. Biz zirzəmidən çıxıb 5 mərtəbə deyilən yerə getdik. O bina hələ istifadəyə verilməmişdi. Ermənilər biləndəki insanlar var, binanı mühasirəyə aldılar. Bir gün döyüş getdi. Bizim döyüşçülər binanın 5-ci mərtəbəsində düşmənə qarşı vuruşurdu. Bir hadisə yaddımdan hələ də çıxmır. Bir nəfər döyüşçü bizim yanımıza düşüb, gəldi. Bizə dedi ki, ermənilər binaya girsə, əsir düşməyin deyə hamınızı özüm öldürəcəm. Əmim o binada yaralandı. Əmim oğlu düşmən gülləsinə tuş gələrək şəhid oldu. Axşama yaxın güllə səsi kəsildi. Ermənilərin gülləsi bitdiyinə görə kömək çağırmağa getmişdilər. Həmin an binanı tərk edib, meşəyə doğru getdik. Qar elə yağmışdı ki, yerimək mümükün deyildi. Biz bir dəstə meşəyə daxil olduq. Arxada qalanı heç kim gözləmirdi. Böyük bacımın 9 yaşı var idi. Balaca bacım isə bir yaşında idi. Anam ayaqqabılarımızı çıxartdı ki, camaatla ayaqlaşaq. 3 gün meşə ilə yol getdik. Qarqar adlanan çay var idi. O çayı ayaqyalın keçdiyimizə görə ayaqlarımız donmuşdu. Ayağım elə donmuşdu ki, elə bilirdim ki, ayağımda ayaqqabı var. Böyük bacım təmiz donmuşdu. Anam onu nəfəsi ilə isidirdi. Meyitlərin əlindən yerimək olmurdu. Ananın gözü önündə balası güllələnir və ya donub ölürdü. Uşaq olduğumuza görə nə baş verdiyini anlamırdıq. 3 gün ac, susuz, başaçıq şəkildə yol getdik. Balaca bacım acmışdı. "Çörək istəyirəm" deyə ağlayırdı. Anam qarı götürüb bacıma verdi. Bacım isə mən çörək istəyirəm deyib, qarı tulladı. Bunları xatırlamaq bu gün mənim üçün çox ağırdı. Anam əynindəki paltarı çıxarıb ayaqlarımıza sarıyırdı. Bir az yol getdikdən sonra cırılıb ayağımızdan çıxırdı. Düşmən gülləni yağış kimi yağdırırdı. Kimin sağ qalaması Allahın qismətinə qalmışdı. Anam bizi çox çətinliklə xilas edə bildi. Biz 3 gündən sonra Ağdama gəlib çıxdıq. Ağdam camaatı meşələrə səpələnmişdi. İnsanlara kömək edirdilər. Onlar bizə kömək edib, meşədən çıxardılar. Allah birdə bizim ölkəyə belə bir gün qismət etməsin".Sonxeber.az

Xəbər lenti